Saturday, July 01, 2006


XƏLƏCLƏR VƏ XƏLƏCİSTAN

Dadaş Qaraqoyunlu Qızılbaş- 2000

Çoxmillətli İran'da yaşayan millətlərin təsnifi, danışdıqları dillərə əsaslanır. Bu əsasa görə İran'da bugün dörd Türki (Türkik) millət yaşayır: “Türklər”, “Türkmənlər”, “Qazaqlar” və “Xələclər”. İran'da “Xələc” adında iki ana qurub vardır:

1- Xələc (Khalaj) Xalqı.
2- Başqa millətlərdə ərimiş olan Xələc qurubları.

1- XƏLƏC XALQI :

Xələclər günümüzdə Cənubi Azərbaycan'ın ən güneyində Ərak şəhərinin Şimalında, Ərak – Sava – Qum - Təfriş dörd bucağında yerləşmiş tarixi “Xələcistan” (Khalajestan)da yaşayan Türki dilli kiçik bir qurubdurlar. Xələc (Qalaç Xlıç, Xlıc, Xalıc) sözü tarixdə əski bir Türki el “Qarlıq”, “Xarluq” (Karluk, Qarluq, Xellux)'la qarışmışdır. Başqa əfsanə - rivayətlərə görə bu ad “Qal Ac” ya da “Qılıc” dan törəyibdir .

Xələclər Hindistan, Mavəra ün-nəhr, Xorasan (8-9. yüz illər), oradan İran'dakı Sistan ve Bəluçistan (10-11. yüz illər), Mərkəzi İran-Azərbaycan və Anadolu (Səlcuqlularla, 11-12. yüz illər) , bir yol daha Mərkəzi İran (1219’də Monqol hücumundan qaçaraq) və Azərbaycan'a (14. yüzil) dək geniş bir məntəqəyə yayılmışdılar. İndiki Xələclər Cənubi və Mərkəzi İran'a köçmüş bölümün qalıntısı sayılırlar.

Dilləri: Xələc dili Türki dilləri arasında ən son bəlirlənən dil olmuşdur. Əski Türkcənin xususiyətlərini ən yaxçı şəkildə qoruduğu iddia edilən Xələccə əski Türki(k) dil Arquca'nın davamı sayılır və heyrət veriçi ölçüdə Göktürkcə'yə yaxındır. Türkolojidə Xələc (Khalaj) dili diyəndə bu dil qəsd edilir. Xələc dilinin kökü sayılan Arquca’nın adı, ilk 759-780'lərdə Orta Asya Mani dini mətinlərində geçir. Bir sıra araşdırmaçılara görə 8-11.nci yüzillər arasında Arqular Oğuzlara bağlı Xələc qurubunun qonşuluğunda yaşayırdılar və zamanla onlardan bugünkü adları olan Xələc'i alıblar.

Buna rəğmən yaşayan ən əski Türki (Türkik) dil olan Xələc dili, Oğuz dillərindən deyildir və Çuvaş dili kimi tək başına Türki (Türkik) dillərinin müstəqil bir qolunu təşkil verir. Nəticədə, Azəri Türkcəsinin hər hansı bir ləhcəsi də sayılanmaz .

Xələc dilinin bir neçə ləhcə və ağzı vardır. Bu ləhcələr arasındakı movcud fərq, Təlxab ləhcəsində olduğu kimi, bə'zən o qədər böyükdür ki Xələc'i tək bir dil deyil, Türki Dilləri Ailəsinin “Xələc Dilləri Altqurubu” olaraq sinifləndirmənin daha uyqun olabiləcəyi düşüncəsini ortaya atan dilçilər olmuşdur .

İran'da sayıca əhəmmiyyətsiz amma Türkolijidə ən əhəmmiyyətli dillərdən biri sayılan Xələc dili, hər hansı birləşdiriçi bir yazı dilinə sahib deyildir. Bu dilin yazılı ədəbiyyatı yoxdur. İran'da bu dildə kitab vəya dərgi çap olmur. Geçmişdə Azırbaycan Türkcəsinin ağır etkisi altında qalan Xələccə bu dildən Azərbaycan Türkcəsinin bir ləhcəsi adlanacaq qədər geniş şəkildə etkilənmişdi. Günümüzdə isə Farscanın ağır və hər tərəfli tə'sirinə mə'ruz qalaraq tamamən və yeyincə yox olmaya üz tutmuş durumdadır.

Xələcistan: Etnik Azərbaycan və Etnik Farsistan'ın birləşdiyi məntəqədə yerləşən Xələcistan'da 45-80 arasında Xələc kəndi vardır. Bunlar iki qurubdan təşkil tapır. Birimincisi Sava və Xərəqan arası (mərkəzi Novxəran'dır), diyəri Qum şəhəri və qərbindəki Sultanabad arasındakı məntəqədir. Birinci quruba “Xələc-i Sava” vəya “Qahir”, ikinci quruba isə “Xələc-i Əmir Hüseynli” deyilir. Xələclər burada bir neçə yaşayış bölgəsində Cındırlı, Qaraxanlı, Yetimlər, Səfərəli, İsmayıllı, Kirdilli, Şikarlı, Qaragədə, Həsəxalı, Bayramlı v.s. kəndlərində yaşıyırlar.

1996'da asimilasiyon siyasəti doğrultusunda, Cənubi Azərbaycan'ın Xələcistan bölgəsi “Mərkəzi Ostan” və “Qum Ostanları” (buradakı “Xələcistan”, “Cə'fərabad”, “Kohək” rayonları) arasında ikiyə bölüşdürülmüşdür.

Kimlik: Xələclər yaxın zamanlara dək köçəri olsalar da bugün oturaq yaşama geçiblər. Xələclər xususiylə yirminci yüz ildə başda Farslar olmaq üzərə sür'ətlə qonşu xalqlarda ərimişlər. Yüzilin başında Xələclərin toplam sayısının 350.000-400.000 nəfər arasında olduğu təxmin edilirdi. 1996'da isə Xələclərin sayısı lap çox 28.000-30.000 nəfər idi.

Günümüzdə yaşlı-qocaların əksəriyyəti iki dillidir və Farsca da danışır. Uşaqlarının çoxu isə Xələc dilini heç bilmir. Davam edən sür'ətli Farslaşma axımı nəzərə alınırsa arxayınlıqla deyiləbilər ki bir-iki nəsil sonra bu dili danışan heç kim qalmayacaqdır .

Xələclərin Asimilasiyonu diyər İran xalqları və xususiylə Türklərin asimilasiyonu çərçivəsində gerçəkləşməkdədir. Bunlar da diyər İran Türkləri kimi Fars kültüründə xor görülmüşdür .

İnanc: Xələclər ən az 15-16 yüzillərdən bəri Ələvi (Qızılbaş-Əliallahi) məzhəbindədir. Bə’zi tarixçilər Xələclərin Ələvi Qızılbaş Türk birliyinə qatıldıqlarını qeyd edərlər. Aralarında Şiələşənlərlə birlikdə, Təqiyyə eləyib özlərini Şiə olaraq təqdim edənlər də vardır. Azərbaycan Türklərində ərimiş Xələclərin hamısı, vaxtiylə Sünni olduqları qeyd edilsə də, diyər Azəerbaycan Türkləri kimi Ələvi (Qızılbaş) və Şiə məzhəblərindədirlər .

2- BAŞQA MİLLƏTLƏRDƏ ƏRİMİŞ OLAN XƏLƏC QURUBLARI:

Xələclər tarix boyunca öz adlarını qoruyaraq ya da unudaraq birlikdə yaşadıqları qonşu xalqlarda əriyiblər. Fars, Türk, Pəştun, Hind, Türkmən və Özbək bu xalqlardan bir neçəsidir. İran'a gəlib yərləşən Xələclərin mütləq əksəriyyəti də məntəqədəki fərqli xalqlarda əriyərək, bu millətlərin Xələc əsilli altqurublarını təşkil veribdir:

a- Türkləşmiş Xələclər: Xələclərin Qərbi İran, Azərbaycan və Anadolu'ya ilk gəlişləri Türkmən Səlcuqlu dövləti dövründə olmuşdur. Monqolların hücumu zamanı bir çox Xələc məhv edilmişdir. 14 yüzildən başlayaraq Monqol hücumu ilə birlikdə Hindistan-Afqanistan və İran Xələc qurublarından bir bölümü ikiminci yol olaraq Orta və Qərbi İran'a, Etnik Farsistan və Azərbaycan'a , Güney Qafqasiya və Anadolu'ya gəlib buralarda sığınacaq tapıblar.

Monqol dövründə Xələclərin Etnik Azərbaycan'ın Sava və Avəc bölgələrində yaşadığı mə'lumdur. 1636-1638'də Avrupalı səyyah Olearus Etnik Azərbaycan'ın Muğan düzlüyündə Xələclərə rasladığını yazar. Bunların Etnik Azərbaycan'ın Sava bölgəsindən quzeyə doğru köç etdikləri mühtəməldir. 1748 və 1783'də yazılan “Mocməl ül-Təvarix pəs əz Nadir” və “Tarix-i Cahan Guşa” kitablarında Etnik Azərbaycan'ın Sava bölgəsi (bugünkü Xələcistan) Xələcləri haqqında bilgilər vardır.

Xələclər İranda yaşayan Türk xalqının etnogenezində rol oynamışlar. Urmu ətrafında bir neçə və Cənubi Azərbaycan'ın başqa bölgələrində Xələc adında 5 kənd daha vardır. Bütün Azərbaycan və İran səthindəki Xələc adlı-tərkibli yerləşim mərkəzlərinin sayısı yüzə yaxındır . Tarixdə Etnik Azərbaycan'da yerləşən xususiylə Əraq-i Əcəm bölgəsində yaşayan Xələclərin hamısı (Farslaşanlar və Etnik Xələcistan bölgəsində hələ də yaşamaqda olan öz dillərini qoruyabilmiş kiçik Xələc qurubu saymazsaq) tamamıyla Azərbaycan Türklərində ərimişdir. Bugün bu bölgədə yaşayan və Azərbaycan Türkcəsində danışan bu insanlar özlərini umumiyətlə Xələc soylu sayarlar.

Cənubi Azərbaycan xaricində Güney Farsistan'da yaşayan Qaşqay Türk oymaq konfederasyonuna daxil Xələcləri də bunlara əlavə etməliyik. Xələclərin bir bölümü Güney İran'da Türk Qaşqay tayfası arasına girərək tamamıyla Qaşqay-Türkləşibdir. Bunların dili Azərbaycan'ın Urmu dili və Afşar ellərinin diliylə eynidir. Bu qurub hələ də köçəri yaşam tərzini sürdürməkdədir .

Hətta Qaşqayları bir bütün olaraq tarixdəki Xələclərin davamı qəbul edən araşdırmaçılar olmuşdur. Xələclərin öz rivayətlərinə görə “Qaşqay” eli, “Sava Xələcləri”ndən “Xələc Şahilu” oymağının, Fars əyalətindəki Türkman (Türk) oymaqları öz başına yığmasıyla yaranmışdır. Ayrıca Cənubi Azərbaycan'ın Xələcistan bölgəsində yaşayan Xələclərin də Cənubi Farsistan'dan buraya köç etdikləri rivayət edilir.

Daha qərbdə Azərbaycan'dan Şərqi Anadolu və Qara Dəniz'in cənub sahilləri ətrafına köç edən Xələclərin hamısı Türkləşib və onlardan günümüzə təkcə çox sayıda “Halac”, “Halaclı”, “Halaclar”, “Halacoğlu” kimi adlar yadigar qalıbdır. Anadolu'ya geçən Xələclərin önçüləri ilk dəfə Türkmən Səlcuqlu dövründə buraya gəlib yerləşiblər. Xələclərin bu məntəqənin Türkləşməsində əhəmmiyyətli rol oynadıqları iddia edilmişdir.

b- Farslaşmış Xələclər: İrani Sasani dövləti sonlarında onlarla əlaqədə olan Türkilər və Eftalitlərin (Ağ Hunların) siyasi hey'əti arasında Qalaçların da varlığı qət'idir.

Ərəb orduları İran'ın içləri və Hindistan'ın şimalına sarı irəlilədikcə Xələclərlə qarşılaşıblar. Xələclər X.umuncu əsrdən çox daha qabaq Ceyhun Çayı'nın qərb və güneyinə geçərək bugünkü İran'ın şərqi və Afqanistan'ın güney bölgələrinə yayılmışdılar. 1181'də Türkmən Səlcuqlu dövründə Etnik Farsistan'ın Fars Ostanı Atabəyi ordusunun kumandiri Tacəddin Xələc idi.

Türki Qəznəli ve Türkmən Səlcuqlular zamanında İran və Xorasan içlərində Xələclərin yerləşdiyi qət'iyyət qazanıbdır. Güney Afqanistan, Pakistan və Hindistan'da olduğu kimi burada da Xələclərin köçəri oymaqlar halında yaşadıqları vəya xususi hərbi güclər halında tabe' olduqları dövlətlərin ordularına xidmət etdikləri muhtəməldir.

1375'də Türkləşmiş Moğol Cəlayırlı sülaləsindən Sultan Hüseyin dövründə qərbi İran Xələcləri elxanlarından Əhməd Xələc'in güclü bir hərbi birliyə sahib olduğu bilinir. Bunlar Türki Teymur dövründə Sava, Qum və Kaşan ətrafına yerləşmiş Xələclərdən olmalıdırlar. İranlı şair Ubeyd Zakani Etnik Farsistan'ın Şiraz şəhəri ətrafındakı “Vəhşi Kürd Türkman (Türk) və Xələclər”dən söz edibdir.

Tarixdə Xorasan və Farsistan'ın başqa bölgələrində Kaşan, Fars (İqlid, Şiraz, Abadə), Kirman, Əstərabad v.s.'də yerləşdiklərini bildiyimiz Xələclərin hamısı hətta Cənubi Azərbaycan'ın Əraq-ı Əcəm adlanan bölgəsində yaşayanlar Farslaşmış vəya başqa İrani xalqlarda ərimişdir. İran'a gələn Xələclərin əksəriyyətini təşkil verən bunların bir bölümü hələ də “Xələc/i”, “Qilic/Xanli” kimi öz Türki familiya adlarına sahibdirlər. Bunlardan Şiələşənlər vardır.

Əlavə olaraq Mərkəzi İran'da İrani(k) dilləri ailəsinə daxil İrani(k) bir Xələc dilindən söz edilməkdədir. Bu dil mühtəmilən Xələclerin bir bölümünün yerli İrani xalqlarda ərirkən oluşan İrani-Türki qarışımı yeni İrani-Fars dil-ləhcə olmalıdır . Cənubi Azərbaycan'ın Zəncan ostanında da bu dildə danışan insanların yaşadığı iddia edilmişdir.

c- Afqanlaşmış-Hindləşmiş Xələclər: Türkmən Səlcuqluların tarixdə ortaya çıxışından çox qabaq, Xələclərin Hərat bölgəsi ətrafında yerləşdikləri bilinir. Xəlci (Khalji, 1290-1320) olaraq bilinən Hindistan Xələc Sultanlığı bunların qurduğu bir dövlətdir.

870'də İrani Səffari dövləti quruçularından Yə'qub Leys Kabul'un yerli hakiminə qarşı girişdiyi hücumda Afqanistan'dakı çox sayıda Xələc və başqa Türki qurubları öldürmüşdür. Türki Xələclərlə Güney Afqanistan'da İrani Samani dövründə də qarşılaşırıq. Bunlar Curcan və Bust bölgələrinə yerləşmişdilər. Türki Qəznəli qıral Sübək Tigin Xələclərin bir usyanını yatırmışdır. 995'də Afqan (Pəştu) və Xələclər Türki Qəznəli ordusunun iki təməli sayılırdılar. 1040'larda Xələclər Türki Qəznəli Sultan Məsud'a qarşı nakam bir usyana girişmişdilər. Horasan Xələclərindən bir bölümü qalabalıq qurublar halında Türki Qəznəlilər və Qorluların xidmətinə girmiş, daha sonralar Türki Qəznəlilər dövləti və Qorluların Hindistan'a elədikləri axınlara qatılmışdır. Hindistan'ın fəthində iştirak etmiş bunların İslam'ın Bənqal və Şərqi Hindistan'a girməsində əsas rolları olmuşdur.

Qorlu dövlətinin yıxılması və Dehli Türk Sultanlığının qurulmasından sonra da Bənqalə'dəki Xələclərin əhəmmiyyəti azalmamış hətta davamlı olaraq artmış və dövlətin həssas məqamlarını öz əllərində tutabilmişlər. Türk Dehli Sultanlığı dövründə gücləri artan Xələclər, sonunda iqtidarı öz əllərinə geçirdəbilmişlər. Qılzay oymağından Piruz Şah Xələc ilə başlayan və 1202-1320'də Əla'əddin Xələci ilə bitən qıssa dövr Xələc Dehli Sultanlığının ən parlaq dövrü olmuşdur. Bu dövr, Xələc-Dehli Sultanlığı (Khalji) (1290-1320) olaraq bilinir. 1436-1531'də Malva'da da Mahmud Xələci tərəfindən bir Xələc Sülaləsi qurulmuşdur.

Monqol Çəngiz Xan'ın istilası ilə yeni başdan Güney Afqansitan Xələclərindən bir bölümü Hindistan'a geçib bir bölümü isə Türki Xarəzmşahlar imparatorluğuna qatılıb Monqollara qarşı savaşlara iştirak etmişdir. 1222'də Türki Xarəzmşah Cəlaləddin'in orduları Pərvan'da Moğolları məğlub etmişdir. Bu ordunun sol qanad kumandiri Xələc idi.

Tarixdə Afqansitan (Qəznə, Curcan, Bust v.s.) də yerləşmiş Xələclərin hamısı yerli xalqlarda əriyərək yox olmuşdur. Afqanistan'da Pəştun(Afqan)lardakı “Abdali” boyuna daxil “Gilzaylar”ın (Gilzai, Ghilzai, Galzay, Qilzay, Gilzi vəya Ghaljai) Xələc əsilli olduğu iddia edilmişdir. Bu qurub, Xələclərin hələ də Sünni məzhəbinə bağlı qalan Qilzay altqurubudur. Bugünkü Afqanistan – Pakistan’da İran - Hindistan arasında yaşayan Qilzaylar umumiyətlə özlərini İran’a hüküm sürən Türki dövlətlərə bağlı hissedirdilər. Buna rəğmən Türk Səfəvi dövlətinin zəyifləməsi ilə 1722 ilində bu dövləti yıxaraq, 7 il İran’a hüküm sürmüşlər.

d- Türkmənləşmiş Xələclər: 1005-1006`də İlək Xan’ın zamanında Xorasan'ın Mərv şəhəri ətrafına Xələclər yerləşmişdilər. Bunlar İrani Samani dövründən bəri oralarda idilər. Bu qurub və tarixən Türkmənistan'a yerləşən (Mərv və ətrafı) diyər Xələc qurubları tamamıyla Türkmənlərdə əriyiblər. Öz Xələc adlarını hələ də qoruyabilən Türkmənlərin Afşar boyuna qatılmış Xələclər belə, günümüzdə təkcə Türkməncə danışırlar.

e- Özbəkləşmiş Xələclər: İran'ın xaricində Özbəklərdəki “Galacilər”, Xələc soyludur. Türkmənistan kimi Özbəkistan`da da Xələc oykonimləri vardır.

TƏKLİFLƏR:

Yox olmaqda olan Xələc dili-mədəniyyəti və xalqını qorumaq amacıyla dövlət və qeyri qövlət qurumlar, elmi-araşdırma ocaqları tərəfindən acil tədbirlər alınmalı və uyqun addımlar atılmalıdır. Aşağıda bunların arasında olabiləcək neçə tədbir və addım sıralanmışdır:

1- İran'dakı Türk aktivistlərin Xələclərin mədəni təşkilatlanmasına yardım etməsi,
2- Xələc dilində kitab (şe'r-folklorik mələzəmə) və qəzət çap edilməsi,
3- İran'da və xaricində DAQ (Dünya Azərbaycanlılar Qurultayı) kimi bütün İran Türk Türklərinin bir araya yığışdıqları mədəni və ədəbi toplantılara-qurultaylara Xələc təmsilçilərinin də də'vət edilməsi,
4- Xələcistan'ın fərqli Ostanlar arasında bölüşdürülməsi və adının dəyişdirilməsinə qarşı e'tiraz etmə,
5- İran'ın şimal qərbindəki Türklərlə məskun bütün məntəqənin, yeni əyalət sistemi-idari təqəsimatda bir bütöv olaraq və tək siyasi vahid şəklində, Azərbaycan əyaləti adıyla oluşdurulması lüzumunun tə'kid edilməsi,
6- Xələcistan'ın, Etnik (Cənubi) Azərbaycan'a daxil olduğu, onun ən güney bölümünü təşkil verdiyi və hökmən Azərbaycan əyalətinə daxil edilməsinin tə'kidi,
7- Xaricdəki Türk aktivistlərin Xələcistan'a muxtariyyət məsələsini qaldırmaları və bu ideyanı yaymaları.

notlar

1- İngilis dilində Khalaj, Khalach, Khalji v.s. olaraq geçər.

2- Azərbaycan'ın bu bölgələrinə (daha çox Zəncan və Qəzvin ostanlarına) bə'zən “Azərbaycan-i Xəmsə”, ya da (daha çox Həmədan, Mərkəzi, Tehran və Qum ostanlarına) “Azərbaycan-i Cibal” və “Əraq-i Əcəm” deyilir.

3- Xələclərin adının kökü haqqında Əbd ül-Qazi Bahadır Xan'ın söylədiyi sözlü bir əfsanə vardır: “İlk Türk xaqanlarından Oğuz Xan'ın İran'a yürüşü zamanı onun əsgərlərindən biri yük heyvanı çatışmadığı və arvadı boylu olduğuna görə, qoşundan dalı qalır. Geridə qalan əsgəri Xaqan'ın yanına gətirəndə Xaqan onun geridə qalmasının nədənini örgənir. Onun arvadı doğmuş idi və çağa ac ananın südü olmadığına görə aclıqdan acı çəkirmiş. Oğuz Xan onu mükafatlandıraraq və uşağı “Qal Ac” adlandıraraq hərbi xidmətdən azad edir. “Qal Ac” ya da “Xalac” xalqının adı bu “Qal Ac” uşağın adından meydana gəlmişdir”. Bununla belə eyni tarixçi VI yüzillikdə Romalıların “Qal Ac”ları Türk sözü “Qılınc”ın tərcüməsi olan “Xalatiye” adlandırdıqlarını yazır.

4- Gərçi Xələclərlə Oğuzların arasındakı bağlar açıqlıq qazanmamışdır. Xələclərin Oğuzların “Qarqın” adındakı boyundan ayrılaraq oluşduğuna inanan Türkoloqlar da vardır. Məhmud Kaşğəri`yə görə Xələclər Oğuz Türkilərindən ayrılan iki oymağın birləşməsindən oluşmuşlar. Divanü Lugati't-Türk'te Halaç adının Oğuz Kağan Destanı'nda anlatılan bir olayla ilgili olarak söylenen kal aç "aç kal" sözünden geldiği belirtilmekte ve Halaçlar hakkında şu bilgi verilmektedir: "Türkmenler aslında 24 kabiledir. Lakin iki kabileden ibaret olan Halaçlılar, bazı kere bunlardan ayrıldıkları için kendileri Oğuz sayılmaz, asıl olan budur."

5- Bunlardan biri Prof. Doerfer'dir. Bu alim eyni halda Xələclər haqqında ilk dəfə hər tərəfli və sistematik araşdırmalar aparan, onu müstəqil bir dil kimi Türkolojiyə tanıtdıran bilgindir.

6- Ethnologue Xələcələr haqqında bu qıssa bilgiləri verməkdədir: Population: 17,000 and decreasing (1968). Region: Northeast of Arak in Central Province. Classification: Altaic, Turkic, Southern, Azerbaijani. Comments: Not a dialect of Azerbaijani, as previously supposed. An independent language distinct from other extant Turkish languages (Doerfer 1971). Most are bilingual in Farsi. Some children know only Farsi. Pronounced with two long or back a's. Different from Indo-Iranian Khalaj. Muslim.

7- Bir Fars atasözü belə diyir: “Zəbane Xər ra Xələc Danəd”. “Eşşəyin dilin Xələc başa düşər”.

8- Azərbaycanlı tarixci “Zeynəl Abidin Şirvani” 1800'lərdə Azərbaycan'dakı Xələclərin Hənəfi Sünni məzhəbində olduqlarını yazar.

9- Şimali Azərbaycan`da Abşeron, Qubadlı, Şərur, Sayan və Ucar bölgələrində də Xələc kəndləri vardır.

0 Comments:

Post a Comment

<< Home